Varis Dirie - "Səhra çiçəyi"

   Varis Dirie ilk dəfə qələmini məhz bu əsərdə sınayıb. Əsər təxəyyülünün məhsulu deyil, Varis sırf öz həyatını yazıb. Əsər onun hələ balaca qız ikən evdən (köçəri ailəsinin yanından) qaçması ilə başlanır. Oxuduqca onun uşaqlığından başlayaraq həyatı, başına gələnlər, yaşadığı çətinliklər barədə məlumat almaq olur. Müəllif Afrikadakı həyatın həm müsbət, həm də mənfi cəhətlərini qeyd edir.
O, vətənini sevir, oradakı köçəri həyatından heç də narazı deyil. Hətta o, ölkəsində ənənə olan qadın sünnətinə belə can ataraq nail olur. Təbii ki, başına gələnlərdən: dözülməz ağrılardan, sağlamlıq problemlərindən sonra hələ 5 yaşında buna can atan avam qız peşman olur. Onsuz da, ona bu qərarla bağlı seçim haqqı heç vaxt tanınmayacaqdı, lakin buna can atmayaraq bir qədər gecikdirmək də mümkün olardı. Ancaq Varis də, Afrikadakı qızların çoxu kimi buna öyrəşir və ona belə gəlir ki, həqiqətən, belə də olmalıdır.
   Evdən qaçdıqdan sonra Moqadişuya, oradan isə Londona gedib çıxması ilə Varisin bütün həyatı dəyişir. Afrikadakı çöl həyatından sonra yoldaşı səfir olan xalasıgildə bir neçə il qulluqçu işləyir. Təyinat müddəti bitdikdən sonra səfir ailəsi ilə birlikdə Somaliyə qayıtmaq qərarına gəlir. Varis qayıtmaq istəmir və Londonda qalmaq üçün əlindən gələni edir. Nəticədə hər kəs getdikədən sonra tək-tənha və evsiz Londonda qalır. Varisin həyat mübarizəsinin digər bir mərhələsi isə həmin gündən başlayır. 

   Uzun müddət əvvəl Varislə bir neçə kəlimə belə danışmağa imkan tapa bilməyən fotoqraf ona sadəcə vizit kartını verə bilmişdi. Varis də yeni dostu ilə məsləhətləşir və fotoqrafı tapır. Bundan sonra onun modellik həyatı başlayır. Lakin modellik həyatı da keşməkeşli keçir, eynilə öz vətənində olduğu kimi, yenə də bir növ köçəri həyatı yaşayır. Səyahətlər zamanı pasporta görə müxtəlif problemlərlə qarşılaşır.

   Varis uzun müddət sonra - model olduğu dövrlərdə başa düşür ki, hələ balaca qız ikən onun başına gələn sünnət hadisəsi heç də dünyadakı bütün qadınların başına gəlmir. O, yaşa dolduqca və dünyanı gəzib gördükcə bunun ona və digər afrikalı qadınlara qarşı edilmiş qəddarlıq olduğunu anlayır.
    O, illər sonra Somalidə müharibə olduğu vaxtlarda ölkənin sərhəddində anası ilə görüşür. Uzun müddət sonra öz torpağında olmaq, öz vətənini hiss etmək ona yaxşı təsir bağışlayır. Anası ilə görüşü çox çəkmir və o, dərhal işlərinə qayıtmalı olur.
   Varis, illər sonra caz klubda tanış olduğu Danaya aşiq olur və onunla ailə həyatı qurur. Onların oğlu Aleeke dünyaya gəlir. Bu dövrlərdə artıq Varis çox məşhur bir modeldir və ondan müsahibə almağa gələn bir jurnalistə öz həyatının ən faciəvi hadisəsindən- qadın sünnətindən danışır. Bu onun üçün heç də asan deyil, çünki o, danışdıqları ilə ölkəsinin, adət-ənənələrinin məhrəmini pozur. Beləliklə o, milyonlarla insana öz sözlərini eşitdirir. Bir sıra təşkilatlardan, hətta BMT-dən təkliflər alır və BMT-nin Xüsusi Səfir olmaq təklifini fəxrlə qəbul edir. Bu qəddarlığa qarşı mübarizədə ona dəstək olan milyonlarla insana baxmayaraq, Varisin ənənələrinə hörmətsizlik etdiyini düşünən və ona nifrət edən düşmənləri də mövcuddur. Bununla da, Varis üçün yeni bir mübarizə səhifəsi açılır.

   Təəssüratlarım: Əvvəlcə onu qeyd edim ki, kitab yarmarkasında bunu mənə məsləhət görən şəxsə minnətdaram. Alarkən tərəddüd edirdim, lakin ilk səhifədən etibarən tərəddüdüm yox oldu. Varis sadəcə öz bioqrafiyasını yazıb, lakin nəticə çox gözəldir. Əsər çox sadə, anlaşılan və axıcıdır, oxuduqca növbəti səhifəyə keçməyə tələsirdim. "Səhra çiçəyi" ən qısa müddətdə oxuyub bitirdiyim kitablardandır. 
  Fikrimcə, Varis öz bioqrafiyasını yazarkən həyat mübarizəsindən əlavə, onda ömürlük iz qoyan və əfvi mümkün olmayan qadın sünnətini vurğulamaq məqsədində olub və məqsədinə çatıb. Afrikadakı qadın sünnəti barədə bir qədər məlumatım var idi. Lakin bu həqiqətə belə fərqli prizmalardan yanaşmamışdım. Artıq bu ənənənin qəddarlıq dərəcəsini və fəsadlarını daha yaxşı başa düşürəm. Çünki bir şeyin mövcudluğunu bilməklə, onu yaşayan insanın dilindən eşitmək tamam fərqlidir.
   Bundan başqa, əsər stimul vericidir. Varisin həyat hekayəsi və çətinliklərlə dolu həyatı, irəliləməkdə hər birimizə yol göstərə bilər. 






Şərhlər:

Şərh bildir

 
;