Etel Lilian Voynic – "Ovod"

   Çox qısa müddәt әvvәl oxuyub qurtardığım bu roman haqqında fikirlәrimi vaxt itirmәdәn sizlәrlә bölüşmәk istәdim. Fikrimcә bu әsәri bir çoxunuz oxumuş olar, yaxud da әsәr haqqında söylәnәn fikirlәrlә qarşılaşmış, daha böyük ehtimalla isә adını eşitmiş olarsınız. Sizi әmin etmәk istәyirәm ki, hәmin bu әsәr haqqında sәslәnәn müsbәt fikirlәr heç dә özündә mübaliğә әks etdirmir. Yәni söhbәt mükәmmәl şәkildә qәlәmә alınan bir qәhrәmanın hekayәsindәn gedir.
   Diqqәtinizi xüsusilә bir mәqama çәkmәk istәyirәm ki,
әsәrin yazıldığı vә mәhşurlaşdığı tarixdәn uzun illәr keçmişdir. 'Ovod' romanı yazıçının vәtәni İngiltәrәdәn çox­-çox uzaqlarda şöhrәt qazanmasına baxmayaraq, bugün dә geniş oxucu kütlәsinә sahibdir. Yәqin ki, bir çoxumuzu  bu uğurun sәbәbi maraqlandırır. Bu barәdә irәli sürülmüş bәzi fikirlәri ümumilәşdirsәk; 'mövzunun aktuallığı', 'tәsvir
olunmuş hadisәlәrә qarşı olan realist fikir' vә 'dәrin hisslәrlә ifadә olunmuş bir roman' kimi maraqlı vә әsaslı fikirlәrlә qarşılaşarıq. 
   İndi isә bu әvәzsiz romanın daxilinә birlikdә nüfuz edәk. Әsәrdә sözü gedәn şәxs­ Ovod uşaqlıqdan bәri çәtin hәyat tәrzi keçirmiş,  çox sevdiyi anasını xәstәlikdәn itirdikdәn sonra ona әziz olan katolik kilsәsinin keşişi Montanelli ilә daha çox vaxt keçirmәyә başlamışdır. Bu zamanlar isә O, Ovod yox sadәcә 19 yaşlı Artur idi. Arturun 'Ovod'a çevrilmәsinә isә ürәkdәn sevdiyi Cemmanın onu günahsız yerә tәqsirlәndirmәsi, ögey qardaşının vә onun ailәsinin ona qarşı sәrt vә kobud rәftarı, әn әsası isә illәr sonra öz atasının mәhz Montanelli olduğunu öyrənməsi, daha dolğun desәk anasının ona vә ailәsinә olan xәyanәti sәbәb oldu. Belәliklә, o, nә anasını, nә atasını nә dә Cemmanı bağışlaya bilәcәyini düşündü. Bu hadisәlәrin cәrәyan etdiyi hәmin gün Artur ani alınmış bir qәrarla hәrkәsin hәyatından çıxdı. Mәhz elә hәmin gün Arturun 'öldüyü', Ovodun 'doğulduğu' başqa sözlә desәk adını tarixә yazdıracaq bir qәhrәmanın hekayәsinin ilk günü oldu. Daha әzablı günlәr isә bu vaxtdan başladı. Lakin uzun illәr sonra taleh Cemma vә Ovodu birlәşdirdi. Onlar mövcud hökmranlığa qarşı mübarizә uğrunda yenidәn birlik oldular. Bu müddәt әrzindә Ovod hәm Cemma, hәm dә Montanelli ilә ünsiyyәtdә oldu. Lakin nә Cemma, nә dә Montanelli onlara bu qәdәr yaxın olan Arturu tanıya bilmәdi. Çünki onu hәyat vә ötüb keçәn illәr yox, әzab, çәtinlik, aclıq çәkdiyi, ayaqlar altında әzilib tapdalandığı günlәr dәyişdirmişdi. Ovod o qәdәr çәtin günlәr keçirmişdi ki, hәlәdә onun üçün әzab çәkәn atasını vә Cemmanı bağışlaya bilmirdi. 
      Әsәrdә diqqәtimi çәkәn maraqlı mәqamlardan biri isә Ovodun ölüm hökmü üçün onun yanına gәlәn atası ­ kardinal Montanelliyә etirafı oldu. Hәmin etiraf әsnasında sadәcә dәrindәn tәsirlәndiyim üçün dәfәlәrlә oxuduğum cümlәyә rastladım: "Mәnә aydın oldu ki, sizin üçün göylәrin mәrhәmәtini qazanmaq ­
mәni bu cәhәnnәmdan xilas etmәkdәn daha vacibdir". Çünki keçәn zaman dini etiqadlarına düşkün Arturu ­ateist vә kilsәyә qarşı dәrin düşmәnçilik bәslәyәn Ovoda çevirmişdi. Romanda tәsirlәndiyim digәr hissәni isә әsәrdәn olan bir neçә cümlә ilә ifadә etmәk istәyirәm. Çünki düşünәn bir beyin vә hiss edәn bir qәlb üçün bu cümlәlәr çox dәyәrlidir. Bәhs etdiyim cümlә belәdir: Ovod atasına deyir: "Isa peyğәmbәr sizin üçün nә etmişdir? O, sizdәn ötrü nә әziyyәt çәkmişdir ki, siz onu mәndәn çox istәyirsiniz? Siz onu yaralanmış qolları üçün sevirsiniz! Onda mәnim qollarıma baxın! Buna da baxın buna da, buna da...(O, öz bәdәnindәki yara izlәrini göstәrәrәk..)". Yuxarıdakı fikirlәrә aydınlıq gәtirmәk  üçün qeyd edim ki, Ovod atasına dini vә kilsәni atıb onunla birgә gәlmәsini istәdikdә Montanelli bunu edә bilmәyәcәyini demişdi vә bu Arturu mәlum cümlәlәri dilә gәtirәcәk qәdәr hiddәtlәndirmişdi. Çünki bu atasının Ovodun ölüm hökmünә razılıq vermәsi demәk idi. 
   Romanın sonunda isә Cemmanın hәqiqәtlәri Ovodun ölümündәn sonra aldığı mәktubla öyrәnmәsi, imza әvәzinә uşaqlıqda öyrәndiklәri kiçik bir şeirlә bitәn bu mәktubda Ovodun Cemmaya olan sevgi etirafının öz әksini tapması vә atasına "ürәyin sadәcә mәnә aid olsun" deyәn Arturun ölümündәn qısa müddәt sonra Montanellinin mәhz 'ürәk partlaması'dan ölmәsi fikrimcә yazıçının dәrin düşüncәsinin tәzahürüdür. 
Hörmәtlә, Mәn.
Oxucumuz Natəvan Əliyeva`ya bu gözəl əsəri bizimlə bölüşdüyü üçün təşəkkürlər.

Şərhlər:

Şərh bildir

 
;