Tamamlanmamış puzzle

   Pəncərədən çöldəki həyatı seyr etməyi uşaqlıqdan sevmişəm. Həyata müdaxilə etmədən sadəcə baxmaq; bu, kinoya baxmaq kimidir, can atsan da, qarışa bilmirsən baş verən hadisələrə. Məhz həyata kənardan baxdığım belə anlardan birində yaranıb suallarım; Biz niyə yaşayırıq? Ümumiyyətlə nə vaxt başlayırıq yaşamağa; ana bətninə düşdüyümüz andan, bu dünyaya göz açdığımız andan, yoxsa özümüzü tanıdığımız andan? Bəlkə yaşamırıq?
Mənə görə yaşamaq nəfəs almaqdan, mövcud olmaqdan ibarət deyil. Sözün əsl mənasında yaşamaqdan bəhs ediriksə, deyəsən mən hələ başlamamışam yaşamağa. Bəlkə də, heç vaxtım da çatmayacaq və mən yaşamadan öləcəyəm. Qəribə ifadədir; "yaşamadan ölmək..."
  Həqiqəti desəm yaşamadan ölmək istəmirəm, ən böyük arzum yaşamaqdır; bu da bir o qədər qəribədir. Yaşamadan ölənlərə isə yazığım gəlir. Bəlkə də bu dünyada çox qalmamaq arzum da bu yazıqlıq qorxusundan başlayır. Yəqin 30-40 illik bir ömrü israf etmək, 60-70 illik ömrü israf etmək qədər dəhşətli olmaz.
İndiyə qədər israf edilmiş həyatımı bir parçası itmiş puzzle`a bənzədirəm. Bir və ən əsas parça... O parça olmadan puzzle`da əks olunanı tapmaq qeyri-mümkündür. Qurduğum yarımçıq puzzle`a hər baxdığımda ilk gözümə dəyən də məhz həmin parça olur. Bu parçanın yoxluğu getdikcə daha çox hiss olunur, daha çox ağrıdır. Mən o itmiş parçaya "yaşama səbəbim" deyirəm və görünür, o olmadıqca yaşamayacağam. Hərhalda ki, tamamlanmamış bir puzzle`ı nümayiş etdirmək axmaqlıq olardı. Ən qəribəsi də odur ki, o parça mənə verilən puzzle qutusunun içində deyil, heç vaxt da olmayıb. Hətta yeri belə bəlli deyil, amma o var. Ümidvaram ki, sonuncu parça nə vaxtsa məni tapacaq, puzzle`ın təsviri ortaya çıxacaq. Əks halda həmişəlik qaranlıq qalacaq, yaşam başlamayacaq...
İndi həyatımı hərəkətə gətirən yaşama səbəbimin əvəzedicisi - onu bir gün tapmaq ümididir.
"Yaşama səbəbim", "əsas parçam" səni gözləyirəm... Daha çox gözlətmə!!!

Qeyd: Bu essem 14 noyabr 2011-ci ildə Fəlsəfə Akademiyasının "Düşüncələrimdən Məktublar" adlı I Esse Müsabiqəsində iştirak etmiş və "Oxucu nominasiyası" mükafatına layiq görülmüşdür.

Şərhlər:

Şərh bildir

 
;