Əsərdə Rose adlı amerikalı qadın erməni əsilli amerikalı ilə evlidir. Erməni əsilli gəncin ilk nəsilləri Türkiyədən təcrid nəticəsində köç etmiş və San-Fransiskoya yerləşmişdir. Cütlüyün Armanuş adlı bir qızları var, erməni ailə böyüklərinin rəftarına getdikcə dözməyən Rose həyat yoldaşından ayrılır. Boşanmanı həzm edə bilməyən qadın intiqam arzusu ilə yaşayır. Bir türklə evlənməsinin türklərə nifrət edən Çakmakçıyan ailəsinə qarşı ən yaxşı intiqam növü olduğunu düşünür. Təsadüfən amerikada tək yaşayan türk gənc Mustafa ilə qarşılaşır, tezliklə evlənirlər və xoşbəxtdirlər. Rose`un qızı Armanuş isə gah atasının erməni ailəsi ilə, gah da türklə evli olan anası ilə yaşayır.
Mustafanın isə Türkiyədə tamamı qadınlardan ibarət olan bir ailəsi var; nənəsi, anası, bacıları və bir bacısının Mustafanın belə varlığını bilmədiyi, atası bəlli olmayan qızı Asya. Nəslin bütün kişiləri gözlənilmədən vəfat etdiyinə görə, Mustafa taleyindən qaça bilmə ümidilə Amerikaya köçmüşdür. Ailəsində isə qadınlar hər biri öz həyatını yaşayır. Asya, anası və digər qadınlar: eyni evdə,eyni ailədə toplaşan fərqli həyatlar...
Armanuş böyüdükcə ermənilərə nifrət edən anasının və türklərə nifrət edən erməni ailəsinin arasında qalır. Özünün dayandığı yeri kəşf etmək üçün hər kəsdən xəbərsiz, biraz da türklərə qarşı nifrətlə İstanbula-Mustafanın ailəsinin yanına gedir. Əvvəlcədən Mustafanın ailəsinə məktub yazaraq gələcəyi xəbərini göndərir,ailə onun kimliyindən xəbərsiz, səbrsizliklə gözləyir. Armanuşun İstanbula gəlişi ilə əsərin əsas hissəsi başlanır.
Təəssüratlarım: Elif Şafak söz ustasıdır, sözlərdən o qədər gözəl istifadə edir, cümlələrdə elə gözəl təsvirlər verir ki, valeh oluram. Bu da məhz həmin cümlələrin yer aldığı bir kitabdır. Əsər mənim üçün xəyal qırıqlığı oldu, sona qədər türk obrazların dilindən gözlədiyim sözlər verilmədi, lakin bu əsərin yaxşı yazıldığını danmağım üçün səbəb deyil. Bəli, türklərdənsə ermənilərin başına gələnlər erməni obrazların dilindən verilir, onların dramı vurğulanır. Mən əsərin bu tərzini ironiya qəbul edirəm, Elifin türklərin (azərbaycanlıları da nəzərdə tuturam) unutqanlığını, rahatlığını, hər şeyin üzərindən asanlıqla keçməsini tənqid etdiyinə inanıram. Çünki əsəri oxuduqca, oradakı türk obrazlarda özümüzü gördüm.
Əslində əsər erməni-türk münasibətlərindən daha çox qadınlara aiddir. Bu qədər qadın obrazının bir kitabda toplanması, hər birinin özünəməxsus xarakterinin olmasına vuruldum. Kitabın yarısına çatanda artıq həmin obrazları şəxsən tanıyırmışam kimi hiss edirdim.
Mənə görə əsərin pik nöqtəsi isə namusdan dəm vuran obrazın özünün ən böyük şərəfsizliyi etdiyinin bəlli olması idi.
Kitabdan sevdiyim cümlələr:
- Göydən başına nə yağarsa yağsın, əsla söyməyəcəksən. Buna yağış da daxil. Yuxarıdan üzərinə nə düşür düşsün, qəbulun olmalı. Yağıntı nə qədər şiddətli, növü nə qədər dondurucu olursa olsun, buludların biz aşağıdakılara rəva gördüklərinə söyə bilmərsən. Belədir quruluş. Bunu hərkəs bilir. Zeliha daxil.
- Kaş komputer yaddaşı kimi ola biləydi insanın yaddaşı. Beynində saxladığı bütün məlumatları silməyi, köhnə qovluqları tamamilə ləğv edib proqramı yenidən başlatmağı necə də istərdi.
Şərhlər:
Şərh bildir