Əsərin qəhrəmanı Lisbeth Salander komputer və internet dahisi, araşdırmalar aparmaqla məşğul olan, qeyri-adi bir qadındır. Bu dəfə ona Mikael Blomkwist adlı jurnalistin həyatını araşdırmaq tapşırılır, o, jurnalist haqqında hər şeyi araşdırıb öyrənir. Lakin sonradan müştəri bu işi ləğv edir.
Blomkwistin böyük bir şirkət olan Wennerström ilə başı bəladadır. Səbəb isə odur ki, Mikael saxta sənədlər əsasında şirkətlə əlaqəli məqalə yazmışdır. Sənədlərin saxta olduğunu özü də bilmir, çünki bu da ona qarşı qurulmuş bir tələdir. Sənədlərin saxta olmasına görə Mikaelə 3 aylıq həbs cəzası verilir. O, Wennerström şirkətinin əslində çox saxta işlərinin olduğuna əmindir, sadəcə əlində dəqiq dəlillər yoxdur. Mikaelin belə bir cəza almağı Millenium nəşriyyatına da çox pis təsir edir,bir növ jurnalın adını ləkələyir. Milleniumun sahibi, Mikaelin çox yaxın dostu, hətta evli olduğu halda onun sevgilisi də olan Erika Berger Mikaelin işdən ayrılmasını istəməsə də, o, jurnaldan ayrılır.
Elə həmin vaxt böyük iş adamı olan Henrik Vanger ona bir iş təklif edir. Şərtlərə görə Mikael onun illər əvvəl anidən itmiş nəvəsinin yox olma səbəblərini 1 il içində aydınlaşdırmalıdır, işin qarşılığında isə jurnalistə 5 milyon kron və Wennerström ilə əlaqəli məlumatlar təklif edir. Şirkətlə əlaqəli məlumatları öyrənmək həvəsinə düşən Mikael işi qəbul edir. Araşdırma müddətində Mikael kiminsə onun e-poçtuna daxil olduğunu anlayır və sonra bunun Lisbeth Salander olduğunu öyrənir. Beləliklə, onların yoları kəsişir və araşdırmaya birlikdə davam edirlər. Harrietə gəldikdə, o, əslində ölməmişdir, atası və qardaşının sadist hərəkətlərindən qaçmışdır. Henrikin Mikaelə söz verdiyi məlumatları isə əslində yoxdur, sadəcə onu razı salmaq üçün belə bir yalan uydurmuşdur.
Sonra Lisbeth və Mikael birlikdə Wennerström ilə əlaqəli hər şeyi araşdırıb öyrənirlər. Mikael bu haqqda 4 cildlik xüsusi buraxılış yayımladır. Bu ölkədə böyük əks-sədaya səbəb olur. Bununla da həm Mikaelin, həm də Milleniumun adı təmizə çıxır.
Təəssüratlarım: Kitabın türk dilində tərcüməsini oxumuşam. 646 səhifədən ibarət olan əsəri 1 həftə ərzində bitirdiyimi desəm yəqin bütün düşüncələrimi əks etdirər. Normalda dedektiv janrını çox oxumayan biri olaraq kitaba heyran qaldım. Oxuduğum ən həyəcanverici və axıcı kitab idi. Oxuduqca növbəti səhifəyə keçmək arzusu oyandırır, kitabdan ayrılmaq isə mənə zülm verirdi. Hətta bu yazını bura yazanda belə kitabı bir daha oxumaq həvəsinə düşdüm.
Əsərin əsas qəhrəmanı Lisbethə gəldikdə isə həqiqətən də o, qeyri-adi bir qadındır. Bəzi anlar oldu ki, onun kimi güclü, inadçı və zalim olmağı arzuladım. Bəzi anlardasa, belə adam ola bilməz deyib keçdim. Hərhalda kitabı oxuyub özünüz qərar verməlisiniz.
Tezliklə, kitabın 2-ci və 3-cü seriyası haqında da yazacağam. Bu əsərlərə film çəkilib, "Film olanlar" bölməmizdə bu haqqda yazılar da yayımlayacağam.
Sevdiyim cümlələr:
- Dostluq, mənə görə, 2 şey üzərində qurulur. Hörmət və inam. Hər iki ünsür orada olmalıdır. Və qarşılıqlı olmalıdır. Kiməsə hörmətin ola bilər, amma inamın olmasa, dostluq parçalanacaq.
- İllər ərzində çoxlu düşmənlərim oldu. Öyrəndiyim tək şey; əvvəlcədən məğlub olacağına əmin olduğun döyüşə girmə. Digər tərəfdən, səni alçaldan adama, bu davranışı ilə uzaqlaşmağa heç vaxt icazə vermə. Vaxtını gözlə və güclü olduğun vəziyyətdə qarşılıq ver- artıq qarşılıq verməyə ehtiyac qalmasa belə.
Kitablı günlər ümidilə görüşənədək...
Şərhlər:
Şərh bildir